ELM VƏ TƏHSİL
Bilik Fondu Pedaqoji Kollec ilə memorandum imzalayıb
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollec arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə AZƏRTAC-a Bilik Fondundan bildirilib.
Fondun icraçı direktoru Oqtay Səmədov qurumun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formaları barədə ətraflı məlumat verib. Qeyd edilib ki, ölkə ərazisində, o cümlədən regionlarda azərbaycançılıq məfkurəsinin təbliğində, əhalinin maarifləndirilməsində, gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil biliklərinin artırılmasında tələbələrin, müəllim və mütəxəssislərin Bilik Fondu ilə birgə fəaliyyətinin qurulması vacibdir. İcraçı direktor alman türkoloqu Henrix Fridrix fon Dits tərəfindən 1815-ci ildə ilk dəfə aşkar edilmiş, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını kollecin kitabxanasına hədiyyə edib.
Bilik Fondunun fəaliyyətini izlədiyini deyən kollecin direktoru Qulu Novruzov maarifləndirmə sahəsində həyata keçirilən layihələrə rəhbərlik etdiyi qocaman təhsil ocağının da qatılacağına əminliyini bildirib. Kollecin müəllim və tələbə kollektivini Fondun layihələrində fəal iştirak etməyə çağıran direktor bunun gənc nəslin hərtərəfli inkişafına böyük təkan olacağını vurğulayıb.
Tədbirdə Bilik Fondunun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr haqqında film nümayiş olunub.