CƏMİYYƏT
Binəqədi rayonunda türkdilli xalqların Novruz festivalı keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Binəqədi rayonunda Novruz bayramı münasibətilə türkdilli xalqların Novruz festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda türkdilli ölkələrin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusunun əməkdaşları, onların ailə üzvləri iştirak ediblər. Parkda qurulmuş hər bir türkdilli dövlətə məxsus çadırda milli mətbəxləri, adət-ənənələri, mərasimləri əks etdirən komponentlər nümayiş etdirilib.
Tədbir iştirakçıları türkdilli ölkələrin milli Novruz ənənələrinin nümayiş olunduğu və hər bir türk dövlətini simvolizə edən çadırlara, rayon məktəblilərinin hazırladıqları Novruz guşələrinə, eləcə də milli adət-ənənələrimizi, həyat tərzimizi əks etdirən geyimlərə və başqa atributlara, eləcə də məktəblilərin hazırladıqları səhnələrə baxıblar. Qonaqlara milli mətbəximizin şahı sayılan fərqli plov növlərindən ibarət aş festivalı, milli ornometlərlə zəngin, Azərbaycanın müxtəlif regionlarının, eləcə də əzəli torpağımız - Qarabağın qədim sənətkarlıq ənənələrini əks etdirən xalçaçılıq nümunələri, eyni zamanda, milli geyimimiz olan kəlağayılar təqdim edilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qonaqları və rayon ictimaiyyətinin nümayəndələrini bayram münasibətilə təbrik edib, gündən-günə inkişaf edən ölkəmizə firavan həyat arzulayıb.
Bədii hissə ilə davam edən tədbirdə tanınmış türk şairi, türk dünyası, eləcə də Azərbaycanla bağlı həqiqətləri öz əsərlərində geniş təbliğ edən Camal Safi “Meracımız Qarabağ” şeirini oxuyub.
Tanınmış incəsənət ustalarının, eləcə də Türkiyə və Qazaxıstandan gəlmiş sənətçilərin ifasında bir-birindən gözəl xalq mahnıları, Novruz bayramını, milli birlik və həmrəyliyi tərənnüm edən nəğmələr ifa edilib.
Bayram mərasimi dünyada məşhur olan Qarabağ atlarının üzərində cəngavərlərin üçrəngli bayrağımızı dalğalandıraraq tədbir məkanına gəlmələri ilə yekunlaşıb.