İQTİSADİYYAT


Binəqədi rayonunun Cəfər Xəndan küçəsi ərazisində təmir işləri görülür VİDEO

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Paytaxtın Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 metrlik hissəsində “Azəravtoyol” ASC tərəfindən təmir işləri aparılır.

“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu işlər çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb, 1500 poqonmetr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb. Bundan başqa, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub.

Hazırda təmir işlərinin aparıldığı ərazidə yeni su və kanalizasiya xətləri çəkilir. Təmir-tikinti işləri yekunlaşdıqdan sonra yolun hərəkət hissəsi hazır vəziyyətə gətiriləcək. Ümumilikdə küçənin sözügedən hissəsinin 10 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

İşlər tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir işlərinin aparıldığı ərazilərdə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.

Cəfər Xəndan küçəsində təmir işləri “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində atılan kompleks addımlar çərçivəsində aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.