CƏMİYYƏT
Binəqədi şosesində 500 nəfərin iştirakı ilə iməcilik keçirilib
Bakı, 18 dekabr, AZƏRTAC
Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Binəqədi şosesində yenidənqurma işləri davam etdirilir.
AZƏRTAC-a rayon icra hakimiyyətindən verilən məlumata görə, layihə çərçivəsində uzunluğu 2,6 kilometr olan yeni qurulan yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1,5 metr enində yeni piyada səkiləri inşa olunub, kənarlarına səki daşları düzülüb. Tikinti işləri yekunlaşdırılandan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırılması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq.
Binəqədi şosesinin açılışı ilə əlaqədar olaraq həmin yolun ətrafında abadlıq, yaşıllaşdırma və təmizlik işləri aparılır. Hazırda aparılan abadlıq işləri çərçivəsində yolun kənarında yerləşən, memarlıq standartlarına uyğun gəlməyən və qəzalı vəziyyətdə olan təsərrüfat obyektlərinin təmir-bərpa işləri, fasadlarının betopan materialla üzlənməsi işləri görülür. Binəqədi şosesində 500 nəfərin iştirak etdiyi ümumrayon iməciliyi də həmin ərazidə abadlıq yaratmaq məqsədilə keçirilib. Aparılan abadlıq, quruculuq və yaşıllaşdırma işlərində rayon gəncləri yaxından iştirak ediblər.