İDMAN
Binəqədidə qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Böyük şahmat taxtası” layihəsi keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi (AzGF), Binəqədi rayon gənclər və idman idarəsinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə rayondakı Gənclər evində şahmat və dama yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər arasında keçirilən yarışlar AzGF-in VIII qrant müsabiqəsinin qalibi olan “Böyük şahmat taxtası” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirdə Binəqədi rayon gənclər və idman idarəsinin əməkdaşı Rüfət Əhmədov, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Mahmud Məmmədzadə, layihənin rəhbəri S.Müzəffərli və digərləri çıxışlarında yarışların əsas məqsədin gənclərin asudə vaxtının səmərəli təşkili və mərhum şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinin yad edilməsi olduğunu bildiriblər. Qeyd olunub ki, ölkəmizi dünyada yüksək səviyyədə təmsil etmiş Vüqar Həşimovun həyatı bu gün hər bir azərbaycanlı gənc üçün nümunədir.
Yarışın hakimi, Binəqədi rayonu 3 nömrəli uşaq gənclər şahmat məktəbinin müəllimi Xalidə Həsənova iştirakçılara turnirin keçirilmə qaydalarını izah etdikdən sonra birinciliyə start verilib.
Yarışda 32 gənc iştirak edib. Sonda qaliblər mükafatlandırılıb.