CƏMİYYƏT
Binəqədidə yaradılan 1646 xidmətinə iki ildə 58 mindən çox müraciət daxil olub
Bakı, 6 fevral, Samirə Allahverdiyeva, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətində “Sakinlərin Müraciət Xidməti– 1646”nın yaranmasından iki il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə fevralın 6-da mətbuat konfransı keçirilib. Konfransda çıxış edən rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova deyib ki, 1646 müraciət xidməti 2013-cü il fevralın 13-dən istifadəyə verilib. Xidmətin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmətin səviyyəsini yüksəltmək, dövlət–vətəndaş münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarmaq, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir. İki il müddətində əldə olunan nəticələrin təhlili onu deməyə əsas verir ki, Binəqədi sakinləri bu xidmətdən məmnundurlar.
Daha sonra çıxış edən Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyəti, sakinlərə göstərilən xidmət barədə ətraflı məlumat verib. Qeyd olunub ki, xidmət eyni zamanda 30 telefon nömrəsindən zəngləri qəbul edə bilir.
Anar Səfərli 1646 xidmətinin sürətli kommunikasiya sistemi ilə təmin olunduğunu bildirərək deyib: “Bütün zənglərin qeydiyyatı aparılır. Hətta xətlər məşğul olduqda və vətəndaş əlaqə yarada bilmədikdə dərhal biz özümüz onunla əlaqə saxlayır, problemini öyrənirik”.
Anar Səfərli qeyd edib ki, vətəndaşın şikayət etdiyi dövlət qurumuna xidmət vasitəsilə sms göndərilir və problem təşkilat rəhbərlərinin diqqətinə çatdırılır. Xidmət istifadəyə verildikdən sonra yerli təşkilat və qurumlarda məsuliyyət hissi artıb. Binəqədi Rayon İcra Hakimiyyətinin 1646 xidməti yaratmaqla Azərbaycanda ilkə imza atdığını deyən A.Səfərli yaxın vaxtlarda xidmətin fəaliyyətinin genişləndiriləcəyini söyləyib: “Həmçinin sakinlər elektron formada da müraciət edə bilərlər. Bunun üçün 1646 xidmətinin elektron poçt ünvanı və facebook səhifəsi yaradılıb. 1646 xidməti 24 saat ərzində fəaliyyət göstərir”.
Bildirilib ki, 1646 xidməti fəaliyyətə başladığı gündən 58 mindən artıq müraciət qəbul edib və onların 99 faizi cavablandırılıb. Bu xidmətin fəaliyyətə başlaması nəticəsində yazılı müraciətlərin sayı 20 faiz azalıb.
Sonra KİV nümayəndələri 1646 xidmət mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, xidmətə daxil olan zəngləri, vətəndaşla yaradılan ünsiyyəti canlı izləyiblər.