CƏMİYYƏT
Binəqədili çağırışçı gənclər şəhid məzarını ziyarət edərək hərbi xidmətə yollanıblar
Bakı, 16 yanvar, AZƏRTAC
Aprel döyüşlərində həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar və rayonun fəal gəncləri şəhid Fəxrəddin Qurbanlının məzarını ziyarət ediblər.
Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, rayon icra hakimiyyətinin əməkdaşı Rauf Həsənov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva Fəxrəddin Qurbanlının hər bir gənc üçün nümunə olduğunu vurğulayıb, onun əziz xatirəsinin yaddaşlarda əbədi yaşayacağını bildiriblər.
Sonra tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evində davam etdirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra şəhidin təhsil aldığı 179 nömrəli tam orta məktəbin direktoru Almaz İsmayılova, Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, şəhidin təhsil aldığı Azərbaycan Universitetinin dekanı Aygün Musayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan bütün oğul və qızlarımızın xatirəsinin xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.
Sonra 179 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik ruhunda mahnılar ifa edilib.
Binəqədi rayonundan olan çağırışçı gənclər Azərbaycan Respublikasının dövlət bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək hərbi xidmətə yollanıblar.