İQTİSADİYYAT


“Bir kəmər–bir yol” forumunda təqribən 30 dövlət və hökumət başçısı iştirak edəcək

Bakı, 12 may, AZƏRTAC

“Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində mayın 14-15-də Pekində keçiriləcək beynəlxalq əməkdaşlıq üzrə yüksək səviyyəli foruma qatılacaqlarını bu günə qədər 29 ölkənin dövlət və hökumət başçıları təsdiq ediblər.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuanın sözlərinə görə, tədbirdə 130-dan çox ölkənin müxtəlif ictimai dairələrinin təqribən 1,5 min nümayəndəsi rəsmi dəvət edilmiş qonaq qismində iştirak edəcək. Forumu işıqlandırmaq üçün artıq dünyanın müxtəlif ölkələrindən 4 mindən çox KİV nümayəndəsi qeydiyyatdan keçib. Açılış mərasimi, “dəyirmi masa” arxasında zirvə görüşü və yüksək səviyyəli iclas forumun əsas tədbirlərindəndir. Mayın 14-də forumun açılış mərasimində ÇXR-in Sədri Si Szinpin nitqlə çıxış edəcək. Sonra yüksək səviyyəli plenar iclas keçiriləcək. Günün ikinci yarısında mövzu ətrafında altı paralel diskussiya nəzərdə tutulub.

Mayın 15-də Si Szinpin “dəyirmi masa” arxasında zirvə görüşünə sədrlik edəcək və forumun yekunları barədə KİV nümayəndələrinə məlumat verəcək. Gen Şuanın sözlərinə görə, forumda əməkdaşlıq haqqında bir sıra sazişlərin imzalanması gözlənilir. Forumun yekunlarına görə, birgə kommünike açıqlanacaq. Sənəddə forum iştirakçılarının “Bir kəmər-bir yol” təşəbbüsünün reallaşması ilə bağlı əldə etdikləri konsensus əksini tapacaq.

Çin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər-bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.

Azərbaycan “Bir kəmər – bir yol” layihəsinin iştirakçısıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycanı Pekin forumunda nüfuzlu nümayəndə heyəti təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.