CƏMİYYƏT


Bir qrup əlilliyi olan şəxs Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərildi

Bakı, 9 iyun, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərdən daha 130 nəfəri istirahətə yola salınıb. Onlardan 50 nəfəri Quba rayonunda, 80 nəfəri isə Xaçmaz rayonunda (Nabran) yerləşən istirahət mərkəzlərində dincələcəklər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xüsusi ayrılmış nəqliyyat vasitəsilə yola salınan əlilliyi olan insanlar maddi təminatlarının artırılması istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasından və reabilitasiya tədbirlərindən razılıqlarını ifadə ediblər. Onlar göstərilən diqqət və qayğıya, o cümlədən hər il yaz-yay mövsümündə əlilliyi olan şəxslərə ölkəmizin səfalı guşələrində istirahət etmələri üçün şərait yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda nəzərdə tutulan tədbirlərdən biri də əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkilidir. Bununla əlaqədar cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilin istirahətinin təşkil olunması nəzərdə tutulub. Ötən aydan etibarən artıq 510 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib. Onlardan 300 nəfərin Lənkəran, 160 nəfərin Xaçmaz, 50 nəfərin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil olunub.

Qeyd edilən Proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının mühafizəsi və tibbi bərpası, bədən tərbiyəsinə, idmana cəlb edilmələri və s. tədbirlər də əksini tapır. Hazırda bu istiqamətlərdə də müvafiq işlər aparılır. Həmçinin bu təbəqələrdən olan insanların reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün nazirliyin sifarişləri əsasında layihələr icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.