CƏMİYYƏT
Bir sıra tikinti obyektlərində əmək qanunvericiliyinin pozulması faktları aşkar edilib
Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlamalar zamanı “Alpina” MMC və “Qaraçay” MMC-yə məxsus tikinti obyektlərində çalışan işçilərin onların həyat və sağlamlığı üçün təhlükəli olduğu, bədbəxt hadisələrin başvermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir şəraitdə işlədikləri aydın olub. Məlum olub ki, təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar. Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.
Aşkar edilən hüquq pozuntularına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, bu tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Eyni zamanda, əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.
DƏMX tərəfindən son vaxtlarda həyata keçirilən tədbirlər iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, o cümlədən əməyin mühafizəsi sahəsində müsbət meyillərin formalaşmasına səbəb olub. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, sentyabrın 15-dən 21-dək “Təhlükəsiz iş həftəsi”nin elan edilməsi ayrı-ayrı iş yerlərində, o cümlədən tikinti sektorunda əməyin mühafizəsi qaydalarına əməl olunması sahəsində hələ də mövcud nöqsanların aradan qaldırılmasına yönəlib. Həftə çərçivəsində DƏMX aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iş yerlərində, xüsusən tikinti və istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması üçün yoxlamalar aparır. İşçilərin əməyinin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu, onların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin olduğu iş yerlərində işlər təhlükəsiz əmək şəraiti yaradılanadək dayandırılır.