ELM VƏ TƏHSİL


Birinci sinfə qəbul üzrə on beş mindən çox sorğu yerləşdirilib

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 15 mindən çox sorğu yerləşdirilib.

Onlardan 13. 245-i ümumi təhsil məktəblərini, 1.820-si isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu proqnozunun təxminən 30 faizinə bərabərdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin online qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, nazirliyin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə reallaşır. Martın 15-dən sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin birinci sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə altı ümumi təhsil müəssisəsində apelyasiya komissiyaları fəaliyyət göstərir.

BŞTİ tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb. Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün martın 15-dən 17-dək BŞTİ-nin rəsmi “Facebook” səhifəsində birinci sinfə qəbulla bağlı suallara cavab verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.