CƏMİYYƏT
Birləşmiş Ərəb Əmirlikləri sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Bakı, 27 may, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi-Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad Zonaların Təhlükəsizliyi Baş İdarəsinin baş direktoru Casim Məhəmməd Əz-Zaabinin başçılıq etdiyi nümayəndə heyəti mayın 23-dən 27-dək ölkəmizdə rəsmi səfərdə olub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev ilə görüşüblər.
Görüşdə Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad Zonaların Təhlükəsizliyi Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə, dəniz sərhədlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələlərinə baxılıb. Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə təqdimat keçirilib.
Nümayəndə heyəti DSX-nin Sahil Mühafizəsinə, Akademiyasına və “Sərhədçi” Olimpiya İdman Mərkəzində xidmətin və təlim-tədris prosesinin təşkili, yaradılmış şərait və maddi-texniki baza ilə yaxından tanış olub.
Səfər çərçivəsində qonaqlar Müdafiə Sənayesi Nazirliyində, Dövlət Miqrasiya Xidmətində işgüzar görüşlər keçiriblər.
Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti Qəbələ rayonunun mədəni-tarixi yerlərini ziyarət etməklə yanaşı, paytaxtda, o cümlədən ölkəmizdə keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə də tanış olub.