ELM VƏ TƏHSİL
Birləşmiş Krallığın şirkətinə AMEA ilə birgə istehsalatla məşğul olmaq hüququ verilib
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Birləşmiş Krallığın “Millers Oils Ltd” şirkətinin icraçı direktoru Ceyms Rian, şirkətin biznesin inkişafı departamentinin rəhbəri Martin Qouf və texniki işlər üzrə direktoru Martin Mann ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Akif Əlizadə “Millers Oils Ltd” şirkətinin zavoduna səfərindən danışıb, orada yaradılan şəraitdən məmnunluğunu bildirib. Qeyd edib ki, bu şirkət ilk dəfə olaraq AMEA-nın rezidenti kimi fəaliyyət göstərəcək. Akif Əlizadə AMEA ilə “Millers Oils Ltd” şirkəti arasında əməkdaşlığın gələcəkdə Azərbaycanda tətbiqi araşdırmaların daha da genişlənməsinə gətirib çıxaracağına əminliyini bildirib. O, həmçinin AMEA-nın innovasiyayönümlü layihələrin həyata keçirilməsinə və rəqabətqabiliyyətli məhsulların istehsalına yönələn yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Şirkətin icraçı direktoru Ceyms Rian AMEA ilə əməkdaşlığa önəm verdiklərini və Yüksək Texnologiyalar Parkında yaradılan şəraitdən məmnun qaldıqlarını qeyd edib.
Görüşün sonunda akademik Akif Əlizadə şirkətin AMEA ilə birgə istehsalatla məşğul olmaq hüququnu təsdiq edən müvafiq sənədləri və möhürü Ceyms Riana təqdim edib, iki təşkilat arasında gələcək əməkdaşlığın çox səmərəli olacağına əminliyini bildirib.