CƏMİYYƏT
“Bizim gücümüz birliyimizdədir” adlı tədbir keçirilib
Bakı, 26 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 28 May - Respublika Günü münasibətilə Nərimanov rayonunda yaşayan ailələrin iştirakı ilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ailəsinə xas dəyərlərin və sağlam həyat tərzinin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ölkəmizdə uğurla həyata keçirilən dövlət ailə siyasətindən danışıb. O, həmçinin qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bu kimi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ailə siyasətinin layiqincə yerinə yetirilməsinin göstəricisidir.
Tədbirin əhəmiyyətini xüsusi qeyd edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxışında milli mənəvi və ailə dəyərlərimizin qorunmasının vacibliyini bildirib. O, bu sahədə dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə geniş məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YAP Qadınlar Şurası və Nərimanov Rayon İcra Hakimiyyəti birgə təşkilatçılığı ilə keçirilən tədbirin sonunda ailələrə fəxri fərmanlar təqdim olunub.
Tədbirdə iştirak edən ailələr təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.