CƏMİYYƏT
Bölgələrdən olan sənətkarlar əl işlərini Bakıda nümayiş etdiriblər
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AZGF) dəstəyi ilə Bakıda “Gənclər azad sahibkarlıq fəaliyyətində” İctimai Birliyinin “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində sərgi keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, sərginin açılış mərasimində Birliyin sədri Kəmalə Məmmədli layihə barədə məlumat verib. O deyib: “Layihənin əsas məqsədi unudulmaqda olan sənət növlərinin dirçəldilməsinə, yerli sənətkarlıq bazarının inkişaf etdirilməsinə, regionlarda yaşayan gənclərə, ümumilikdə regionlarda işsizliyin azalmasına və məşğulluğun artırılmasına dəstək olmaqdır. Artıq bu günədək Gəncə, Şəki, İsmayıllı və Qəbələdə sənətkar ustalar və gənclər ilə görüşlər keçirilib. Sərgi vasitəsi ilə ictimaiyyətin diqqətini milliliyin qorunmasına və yerli bazarda öz məhsullarımızın təbliğatını aparmağa çalışırıq”.
Layihə rəhbəri Nəcimə Əliyeva bildirib ki, bu layihə gənclərimizə qədim sənət növlərini aşılamaqda köməkçi olacaq. Nənə və babalarımızdan qalan mədəni irsin, sənət nümunələrinin qorunması və yeni nümunələrin yaradılması üçün layihə xüsusi əhəmiyyət kəsb edəcək.
Gənclər Fondunun nümayəndəsi Şəfəq Bayramova isə qeyd edib ki, sərgi olduqca maraqlı və uğurlu bir layihənin tərkib hissəsidir.
Qeyd olunub ki, layihədə 12 bədii sənətkar və 100-dən artıq gənc iştirak edib.