QAN YADDAŞI
Bolnisidə soyqırımı qurbanlarının xatirəsi anılıb
Tbilisi, 1 aprel, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonundakı Bolnisi Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların soyqırımının 97-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbir iştirakçıları ermənilərin son illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımından bəhs edən fotoşəkillərə baxıblar.
Mədəniyyət Mərkəzinin sədri Fikrət Məmmədov tədbiri açdıqdan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Ümid” qəzetinin redaktoru, şair-publisist Əlixan Yəhyaoğlu məruzə ilə çıxış edib. Natiq faciənin səbəblərindən, ermənilərin bolşevik Rusiyasının köməyi ilə törətdikləri cinayətlərdən, 10 minlərlə azərbaycanlını milli mənsubiyyətinə görə qətlə yetirmələrindən, etnik təmizləmə siyasətindən danışıb.
Digər çıxış edənlər də ermənilərin qeyri-insani davranışlarından, ağlasığmaz vəhşiliklərindən, qonşulara, xüsusən, türklərə, gürcülərə və azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və terror aktlarından, təcavüzkar siyasətindən bəhs ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi