CƏMİYYƏT
Böyük Britaniya, Almaniya və Estoniya QHT-ləri ilə qrant müqavilələri imzalanıb
Şuranın sədri Azay Quliyev rəhbərlik etdiyi təşkilat haqqında qonaqlara məlumat verərək vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti barədə danışıb. A. Quliyev Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra edilən layihələrin Avropa ölkələrinin vətəndaşlarına Azərbaycanın müasir inkişafı haqqında dolğun məlumat çatdırmağa xidmət etdiyini deyib. İmzalanacaq hər üç qrant müqaviləsinin Azərbaycanda elektron hökumət və yaxşı idarəetmə, xüsusilə “ASAN xidmət”lə bağlı olduğunu deyən Şura sədri layihələrin icrasının uğurlu olacağına inamını ifadə edib. O, “ASAN xidmət” mərkəzlərinin yaradılmasının ölkəmizdə korrupsiya ilə mübarizədə mühüm addım olduğunu bildirib.
“Berlin Avropa İnstitutu”nun sədri Metz Dontfild rəhbərlik etdiyi təşkilat haqqında məlumat verərək “ASAN xidmət”in nadir bir təcrübə olduğunu qeyd edib. Təşkilat sədri Azərbaycanın elektron hökumət sahəsində əldə etdiyi uğurlardan alman ictimaiyyətinin məlumatlı olmadığını bildirərək layihə çərçivəsində Almaniyanın bir neçə şəhərində “ASAN xidmət”in fəaliyyəti ilə bağlı seminar və “dəyirmi masa”ların təşkil ediləcəyini deyib. M.Dontfild, eyni zamanda, “ASAN xidmət”lə bağlı ölkəmizdə tədqiqat işinin də aparacaqlarını bildirib. O, layihənin Almaniya ilə Azərbaycan arasındakı uzunmüddətli əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.
Estoniyanın “Elektron Hökumət Akademiyası”nın sədri Orvo Ott hər iki ölkənin elektron hökumət quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlər və bu sahədəki inkişafın oxşar xüsusiyyətləri barədə danışıb. O.Ott Estoniyanın “Şərq tərəfdaşlığı” Proqramına daxil olan ölkələr arasında Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyib. Təşkilat sədri Estoniyada elektron hökumət quruculuğu istiqamətində indiyədək xeyli işin görülməsinə baxmayaraq “ASAN xidmət” səviyyəsində bir institutun yaradıla bilmədiyini deyib.
Böyük Britaniyanın “Baxış” təşkilatının sədri Françesko Qrillo rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətlərindən danışaraq layihə çərçivəsində Azərbaycanda elektron hökumət quruculuğu sahəsində görülən işlərlə bağlı tədqiqat aparılacağını və onun nəticələrinin Avropa mətbuatında yayımlanacağını deyib. O, layihənin icrası prosesi ilə bağlı İtaliyada və Böyük Britaniyada, o cümlədən Oksford Universitetində nüfuzlu media institutlarının iştirakı ilə konfrans keçirəcəklərini vurğulayıb.
Azay Quliyev layihələrin icrası başa çatdıqdan sonra mövzu ilə bağlı hazırlanacaq hesabatların müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT və Avropa İttifaqı kimi qurumlara göndərilməsinin ölkəmizin bu sahədə əldə etdiyi uğurların təbliği baxımından faydalı ola biləcəyini deyib. O, həyata keçirilən layihələrin və hazırlanacaq hesabatların Azərbaycan haqqında birtərəfli və qərəzli məlumatların yayılmasının qarşısını almağa xidmət edəcəyini vurğulayıb.