ELM VƏ TƏHSİL
Bu il Azərbaycan Dillər Universitetinə 1500-dən çox tələbə qəbul olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov 2016-2017-ci tədris ilində ADU-ya qəbul olunan birinci kurs tələbələri ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin müəllimləri, birinci kurs tələbələri və onların valideynləri iştirak ediblər.
Professor D.Yunusov tələbələri təbrik edib, uğurlar arzulayıb.
Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişafın təhsil sektorunda da nəzərə çarpdığını söyləyən D.Yunusov bu inkişafın əsasında ümummilli lider Heydər Əliyevin ideyalarının dayandığını və həmin ideyaların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, dövlətimizin başçısının yüksək diqqəti və səmərəli göstərişləri əsasında atılan addımların, icra edilən dövlət proqramlarının təhsil sistemində yüksək nəticələrin qazanılmasına xidmət etdiyini bildirib.
Ali təhsil ocağının yaranma tarixindən danışan D.Yunusov ADU-nun ölkəmizdə Avropa və bəzi müasir şərq dillərini tədris edən ilk universitet olduğunu qeyd edib. Universitetə qəbul planının ildən-ilə artırılmasının bu ali təhsil müəssisəsinin bir daha artan templə irəliləməsinin göstəricisi olduğunu vurğulayan professor 2016-2017-ci tədris ilində ADU-ya qəbul olunan tələbələrin sayının 1500 nəfərdən çox olduğunu söyləyıb. O, tələbələrin ənənəvi pedaqoji və tərcümə ixtisasları ilə yanaşı, beynəlxalq münasibətlər, regionşünaslıq, filologiya və jurnalistika istiqamətləri üzrə təhsilə yiyələnəcəklərini bildirib.
Sonra ADU-nun tərcümə fakültəsinə (ingilis dili-Azərbaycan dili) 679 balla qəbul olunan Aydan Nağıyeva bu ali məktəbin xarici universitetlərlə əlaqələrindən bəhs edib.
Universitetin filologiya və jurnalistika fakültəsinə 668 balla qəbul olunan Şəms Səfərəliyevanın anası Vüsalə Səfərəliyeva tələbələri təbrik edib, onlara savadlı mütəxəssis kimi yetişməyi arzulayıb.
Sonda yüksək balla ADU-ya qəbul olunan tələbələrə hədiyyələr təqdim edilib.