CƏMİYYƏT


Bu il Bakı Turizm Peşə Məktəbinə 500 şagird qəbul olunub

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdindəki Bakı Turizm Peşə Məktəbində Bilik günü qeyd edilib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova çıxış edərək məktəbin fəaliyyəti və gələcək planları barədə məlumat verib. Bildirib ki, peşə məktəbinin yaradılmasında məqsəd peşəkar kadrların yetişdirilməsi və turizm sektorunun inkişaf etdirilməsidir. Vurğulayıb ki, bu il peşə məktəbini 420 şagird bitirib və 500 şagird qəbul olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bilik günü münasibətilə kollektivi təbrik edərək, ölkəmizdə təhsilin, turizmin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlardan danışıb. Prezidentin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi təsis edilməsini bu sahəyə olaq diqqətin göstərici kimi qiymətləndirib. Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında turizm sahəsinin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verildiyini deyib.

Azərbaycanda turizmin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyən Əbülfəs Qarayev bildirib ki, Prezidentin Sərəncamına uyğun olaraq bir neçə rayonda peşə məktəbləri açılacaq.

Nazir son illər əcnəbilərin ölkəmizə marağının artdığını vurğulayaraq xüsusilə Körfəz ölkələri və Rusiyadan turistlərin daha çox gəldiyini söyləyib.

Hazırda mədəniyyət sahəsində 65 min, turizm sahəsində isə 50 min insanının çalışdığını nəzərə çatdıran Ə.Qarayev bu sahədə fəaliyyət göstərənlərin peşəsinə ciddi yanaşmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Turizm və Menecment Universitetində ali təhsil, Bakı Turizm Peşə Məktəbində isə peşə ixtisas təhsili mövcuddur. Bu da turizm sənayesinin kadrlarla təminatında çox vacib bir amildir və bu təhsil ocaqlarını bitirənlərin potensialından geniş istifadə olunacaq.

Nazir təhsilini başa vurub peşəyə sahib olan və turizm sənayesinə daxil olmuş məzunları təbrik edib, yeni tələbə biletini alan gənclərə maraqlı, mənalı və xoş günlərlə dolu tədris ili arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.