REGİONLAR
Bu il Füzuli rayonunda daha 400 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq
Füzuli, 5 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonu ərazisində fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə tikinti işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, 400 mənzildən ibarət olacaq qəsəbənin inşası üçün 70 hektar torpaq sahəsi ayrılıb. Mənzillərin 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si dördotaqlıdır. Ərazidə 360 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina da tikilir.
Artıq mənzillərdə hörgü və suvaq işləri başa çatıb, dam örtüyü vurulub. İnzibati binada işlər yekunlaşıb. Klub-icma mərkəzində və həkim məntəqəsində kafel-metlax işləri görülür. Poçt binasının damında karkas qurulur. Məktəb binasında monolit dəmir-beton tavan vurulub, daxili və xarici suvaq işləri aparılır, idman zalında fermalar quraşdırılır. Uşaq bağçasının sanitar qovşaqlarında kafel-metlax və binanın fasadında aqlay işləri başa çatmaq üzrədir.
Qəsəbədə infrastruktur işləri də həyata keçirilir. İki ədəd 500 kubmetrlik içməli və bir ədəd 500 kubmetrlik təsərrüfat su anbarı tikilib. Xarici qaz və içməli su xətlərində işlər başa çatıb, daxili qaz və həyətyanı suvarma suyunun, 35 kilovoltluq elektrik hava xəttinin çəkilişi, su nasos stansiyasında tikinti, 35/10 kV-luq transformator yarımstansiyasında suvaq işləri davam edir. Yol-küçə şəbəkəsində asfaltlama və 3 hektarda park salınması üçün hazırlıq işləri görülür.
Qəsəbənin tikintisi ilə 16 şirkət məşğul olur. Tikintidə əsasən yerli sakinlər və məcburi köçkünlər olmaqla 700-dən artıq işçi çalışır. Burada işlərin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.