CƏMİYYƏT
Bu il "142-Çağrı mərkəzi"nə vətəndaşlar tərəfindən 50 mindən çox müraciət daxil olub
Bakı, 2 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "142-Çağrı mərkəzi"nə vətəndaşlar tərəfindən 50 min 760 müraciət daxil olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, onlardan 21 min 12-si sosial təminat, 12 min 697-si əmək qanunvericiliyi, 7 min 353-ü elektron xidmətlərdən istifadə, 5 min 469-u tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 4 min 229-u məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.
Müraciətlərin 47 min 171-i isə sorğu xarakteri daşıyıb. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara ƏƏSMN-in mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib. Müraciətlərin 3 min 589-u isə əmək və sosial təminat hüquqlarının araşdırılaraq müəyyən edilməsi məsələləri, müvafiq fəaliyyət sahələrinə dair təklif və şikayətlərlə bağlı olub. Onlar araşdırılaraq tədbir görülməsi üçün aidiyyəti struktur bölmələrinə göndərilib.