MƏDƏNİYYƏT
Budapeştdə “Macar mətbuatı Azərbaycan haqqında. 2014” adlı kitab çapdan çıxıb
Budapeşt, 27 may, AZƏRTAC
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə “Macar mətbuatı Azərbaycan haqqında. 2014” adlı kitab çapdan çıxıb. Təxminən 200 səhifə həcmində olan kitabda ötən il ərzində müxtəlif macar qəzet və jurnallarının ölkəmiz, onun iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, qarşılıqlı əlaqələrimiz haqqında dərc etdiyi məqalə, oçerk, müsahibə, səfər təəssüratları, informasiyalar öz əksini tapıb.
Nəşrdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü ilin noyabr ayında Budapeştə işgüzar səfəri zamanı macar mətbuatında dərc edilən materiallara xüsusi yer ayrılıb.
Kitabın tərtibçiləri səfirliyin birinci katibi Zaur Paşayev və Eva Komandır. Materialları macarcadan rus dilinə Eva Koman çevirib. Nəşrin buraxılışı üçün məsul olan səfir Vilayət Quliyev həm də kitaba “Azərbaycan nəyə görə macar jurnalistləri üçün cəlbedici ölkəyə çevrildi?” sərlövhəli ön söz yazıb.
Kitab Macarıstanın kitabxanalarına hədiyyə edilib, habelə rəsmi dairələr və diplomatik korpus təmsilçiləri arasında yayılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt