CƏMİYYƏT
Çad gölü ətrafında 9 milyondan çox insanın humanitar yardıma ehtiyacı var
Bakı, 29 iyul, AZƏRTAC
“Boko haram” qruplaşmasının hücumları Afrikanın bir sıra ölkələrinin iqtisadiyyatına dağıdıcı təsir göstərib.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu fikri BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman Təhlükəsizlik Şurasının Çad gölü ətrafında vəziyyətlə bağlı iclasında çıxış edərkən səsləndirib. Onun sözlərinə görə, dinc əhali bu hücumların əsas hədəfi olaraq qalır.
C.Feltman iclas iştirakçılarının diqqətini region ölkələrində insan haqlarının kobud şəkildə pozulmasına yönəldib. O vurğulayıb ki, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə müvafiq dövlətlər öz təhlükəsizlik qüvvələrinin hesabat verməli olmasını təmin etməlidirlər. Bu o deməkdir ki, hökumət strukturları tərəfindən görülən tədbirlər ciddi qanun, beynəlxalq humanitar hüquq çərçivəsində və insan haqlarına əməl olunmaqla həyata keçirilməlidir.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O`Brayen Təhlükəsizlik Şurasının üzvlərinə məlumat verib ki, Çad gölü ətrafında 9 milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Onlardan 2,8 milyonu zorakılıqdan ehtiyatlanaraq evlərini tərk etməyə məcbur olub.