CƏMİYYƏT
Çağırışçı gənclər arasında “Qarabağ” peyntbol turniri keçirilmişdir VİDEO
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də ASAN Könüllüləri Gənclər Təşkilatının və Azərbaycan Respublikası Peyntbol Federasiyasının birgə təşkilatçılığı ilə Şüvəlandakı “Arena” idman klubunda gənc çağırışçılar arasında ilk dəfə “Qarabağ” peyntbol turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən, vətənpərvərliyin və hərbi xidmətin təşviqi məqsədi daşıyan turnirdə ASAN könüllülərindən ibarət 8 komandanı təmsil edən 40 çağırışçı gənc iştirak etmişdir.
Turnirin finalında Gəncə və Sumqayıt şəhərlərinin komandaları mübarizə aparmışlar. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada üstünlük qazanan Gəncə komandası “Qarabağ” peyntbol turnirinin qalibi olmuşdur. Çağırışçı gənclər belə turnirlərin onları hərbi xidmətə daha da həvəsləndirdiyini bildirmişlər.
Sonda turnirin qaliblərinə mükafatlar təqdim edilmişdir.