CƏMİYYƏT
Çaylarda sululuq azalıb
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 474 kubmetr təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsi 9 santimetr azalıb. Bu məntəqədə su sərfi saniyədə 167 kubmetr olub.
Suyun səviyyəsinin Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 31, Şirvanda 10, Salyanda 2, Bankədə 7, Araz çayının Novruzlu məntəqəsində isə 15 santimetr azaldığı qeydə alınıb.
Hazırda suyun səviyyəsi Surrada 395, Şirvanda 303, Salyanda 273, Bankədə 213, Novruzlu məntəqəsində isə 180 santimetrdir.