DÜNYA
Çexiyalı “casuslar” məhkəmədə iştirak etmək üçün Yunanıstana yola düşüblər
Praqa, 2 may, AZƏRTAC
Çexiya vətəndaşları İvan Buxta və Martin Pezlar ailə üzvlərinin müşayiəti ilə Yunanıstana yola düşüblər. Onlar bu ölkədə casusluq ittihamı ilə məhkəmə qarşısına çıxmalıdırlar. Bu ittihama görə çexiyalıları 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Yunanıstanın hakimiyyət orqanları proqramçıları belə bir məsələdə ittiham edirlər ki, 2012-ci ildə onlar yeni kompüter oyunu yaradan zaman Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən gizli hərbi obyektlərinin təsvirlərindəın istifadə ediblər.
Çexiya vətəndaşları bəyan edirlər ki, Yunanıstana məzuniyyətlərini keçirmək üçün gediblər və adi turist kimi çəkiliş aparıblar. Buna görə də Lemnos adasında onları tutublar. Ancaq günahsız olduqlarını sübut etmək üçün tərəddüdsüz olaraq Yunanıstana məhkəmə iclasına gəliblər. Çexiya vətəndaşları onlara dəstək göstərilməsi xahişi ilə artıq ölkənin Baş naziri Boquslav Sobotkaya və XİN-in başçısı Lyubomir Zaoralekə yazılı müraciət ediblər.
Çexiya hökumətinin başçısı B.Sobotka ČTK agentliyinin sualına cavabında vurğulayıb ki, Çexiya ölkənin hüdudlarından kənarda çətin vəziyyətə düşən bütün vətəndaşlarına kömək edir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa