MƏDƏNİYYƏT
Çində çalışan azərbaycanlı rəssam həmkarlarını beynəlxalq sərgidə iştirak etməyə çağırıb
Bakı, 6 may, AZƏRTAC
Çinin Tsinghua Universitetinin magistrı Leyla Rəsulzadə 2017-ci ildə keçiriləcək 7-ci Pekin Beynəlxalq İncəsənət Biennalesinin Azərbaycan üzrə əlaqələndiricisi seçilib.
Bu barədə AZƏRTAC-a rəssamın özü məlumat verib.
2017-ci ildə sentyabrın 24-dən oktyabrın 15-dək davam edəcək biennalenin mövzusu “İpək Yolu və dünya sivilizasiyası” adlanır.
Hazırda Çində çalışan gənc rəssam L.Rəsulzadə azərbaycanlı həmkarlarını bu sərgidə iştirak etməyə çağırıb: “Azərbaycanda, ümumiyyətlə, dünyada istedadlı, bilikli və bacarıqlı rəssamlarımız var. İstərdim ki, azərbaycanlı rəssamlar da bu sərgidə fəal şəkildə iştirak etsinlər. Bu, yeganə biennaledir ki, bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanır. Rəssamlarımıza kömək etməyə hazıram. Biennale barədə məlumat almaq istəyənlər mənimlə e-mail ([email protected] ) vasitəsilə əlaqə saxlaya bilərlər”.
Xatırladaq ki, L.Rəsulzadə 2015-ci ildə keçirilən Pekin Beynəlxalq İncəsənət Biennalesində iştirak edən ilk və yeganə azərbaycanlı rəssam olub.
Pekin Biennalesi 2003-cü ildə start götürüb və Dövlət Şurası tərəfindən maliyyələşir. Ötən 10 il ərzində biennaledə iştirak edən ölkələrin sayı 45-dən 96-ya, iştirakçı rəssamların sayı 3600-ə, ziyarətçilərin sayı isə bir milyona çatıb. Beynəlxalq Mədəni mübadilə platforması kimi Pekin Biennalesi özündə Çin və Beynəlxalq Kuratorlar Komitələrinin birgə əməkdaşlığını əks etdirir. Pekin Biennalesi ən böyük biennale kimi qiymətləndirilib. İştirakçıların böyük əksəriyyəti rəssamlar və heykəltəraşlardan ibarətdir. Pekin Biennalesinin konsepsiyasının əsasını müasir incəsənətin qlobal harmoniyasını əks etdirən müsabiqə və Şərq-Qərb mədəniyyəti arasındakı əlaqə təşkil edir. Pekin Biennalesi getdikcə daha çox üstünlük qazanmaqla daha çox incəsənət adamlarının marağına səbəb olmaqdadır.
Biennalenin qeydiyyat qaydalarını və əlavə məlumatları bu linkdən öyrənmək olar: http://www.bjbiennale.com.cn/en/program.aspx