CƏMİYYƏT
Çoxuşaqlı ailələrin sayı azalır
Bakı, 24 fevral, AZƏRTAC
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu yardımı almaq hüququ bir yaşınadək uşağı olan aztəminatlı ailələrə verilir. Beşdən çox uşaq anası olan qadınlara isə axırıncı uşaq bir yaşına çatanda hər uşağa 30 manat məbləğində müavinət verilir.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova AZƏRTAC-a məxsusi müsahibəsində bildirib. “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun layihəsində həmin ailələr üçün nəzərdə tutulan güzəştlər də var. Qanun layihəsinə əsasən, güzəştlər təhsil və səhiyyə xidmətləri ilə yanaşı, dərman ləvazimatlarını da əhatə edir.
“1999-cu ilin əhalinin siyahıyaalınma məlumatlarına əsasən ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsündə “18 yaşadək uşaqları olan ailələrin sayı”nda 22,5 faiz biruşaqlı, 35,3 faiz ikiuşaqlı, 25,5 faiz üçuşaqlı, 16,7 faiz dörd və daha çox uşağı olan ailələr təşkil edirdisə, 2009-cu ildə aparılan siyahıyaalma məlumatlarına əsasən 30,1 faiz biruşaqlı, 40,3 faiz ikiuşaqlı, 19,9 faiz üçuşaqlı, 9,7 faiz dörd və daha çox uşağı olan ailələr təşkil edir. Statistika göstərir ki, bir, dörd və daha çox uşağı olan ailələrdə fərq 7-7,6 faiz, 2 və 3 uşaqlı ailələrdə isə fərq 5-5,6 faiz təşkil edir. Belə davam etsə, əhalinin növbəti siyahıyaalınmasında həmin fərq bir qədər də dərinləşə bilər”, - deyə A.Veysəlova əlavə edib.