CƏMİYYƏT
Cari ildə fərdi uçot sistemində əlavə olaraq 5 min 500 nəfərə yaxın əcnəbi qeydiyyata alınıb
Bakı, 8 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 5 493 nəfər, o cümlədən oktyabr ayı ərzində 245 nəfər əcnəbi işçiyə fərdi şəxsi hesab açılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari il noyabrın 1-nə sistemdə fərdi şəxsi hesabı olan xarici ölkə vətəndaşlarının sayı cari ilin əvvəli ilə müqayisədə 19,7 faiz artaraq 33 355 nəfərə çatıb. Onların 88,3 faizi kişilər, digərləri qadınlardır. Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər 120 ölkəni təmsil edirlər ki, onların arasında Türkiyə (15 482 nəfər), Gürcüstan (3 235 nəfər) və Rusiya (1 922 nəfər) vətəndaşları çoxluq təşkil edirlər. Eyni zamanda, sistemdə Özbəkistandan (1758 nəfər), Hindistandan (1416 nəfər), İrandan (1 043 nəfər), Çindən (921 nəfər), Banqladeşdən (859 nəfər), Pakistandan (701 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından (665 nəfər), Ukraynadan (549 nəfər), Türkmənistandan (322 nəfər), Filippindən (301 nəfər), ABŞ-dan (285 nəfər), Almaniyadan (266 nəfər), Qazaxıstandan (254 nəfər), İtaliyadan (214 nəfər) və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.
Fərdi uçot sistemi ölkəmizdə işləyən, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərə də şamil olunmaqla, onların şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradıb. Bu isə Azərbaycan vətəndaşları kimi, ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin də gələcək pensiya təminatları üçün müvafiq hüquq əsasının yaradılmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların ümumi sayı isə noyabr ayının 1-nə 3 336 912 nəfər təşkil edir.