REGİONLAR
Cari ilin 6 ayında Göygöldə 340 yeni iş yeri açılıb
Göygöl, 31 iyul, AZƏRTAC
Göygöl rayonunda 2015-ci ilin birinci yarısında görülən işlərin müzakirəsinə həsr edilmiş hesabat yığıncağı keçirilib. Yığıncaqdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Arif Seyidov hesabat məruzəsi ilə çıxış edərək 6 ay ərzində görülmüş işlərdın danışıb. Bildirib ki, bütün regionlarda olduğu kimi, Göygöl rayonunda da sosial-iqtisadi inkişaf göstəricilərinə görə bir sıra uğurlu nailiyyətlər əldə edilib.19 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub. 27 min 677 ton taxıl tədarük edilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 74 sahibkara 1 milyon 15 min 400 manat güzəştli kredit verilib.
Ölkə başçısının tapşırığı diqqət mərkəzində saxlanılaraq əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Nəticədə 257-si daimi olmaqla 340 yeni iş yeri açılıb.
Yığıncaqda o da vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi cari ilin 6 ayında da rayonda abadlıq və quruculuq işləri davam etdirilib. İstər magistral yolların, istərsə də kənd yollarının təmiri sürətləndirilib. Rayon mərkəzində bir uşaq bağçası, kitabxana təmir olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsi və kənd təsərrüfatı idarəsi üçün inzibati binaların, eləcə də bir otelin inşası davam etdirilib.
Diqqətə çatdırılıb ki, əhalinin qaz, işıq və su probleminin həlli istiqamətində də məqsədyönlü tədbirlər görülüb. İki kənd mavi yanacaqla təmin olunub. Hazırda 11 ədəd artezian quyusunun qazılması işləri davam etdirilir. Topalhəsənli kəndində mövcud elektrik dayaqlarının yeni beton dayaqlarla əvəz edilməsi başa çatdırılıb.
Yığıncaqda problemlərdən də söhbət açılıb, onların aradan qaldırılması üçün aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.