CƏMİYYƏT
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları başa çatıb
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyulun 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatlarının başa çatması ilə əlaqədar məlumat yayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 126 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib.
Ümumilikdə 138 min 901 qəlpə, 74 partlamamış hərbi sursat (5 ədəd 82 millimetrlik minaatan mərmi (OF-832), 25 ədəd 82 millimetrlik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 millimetrlik minaatan mərmi (OF-843), 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 12 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 millimetrlik zenit top mərmisi (OFZT), 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 millimetrlik silah qumbarası (VOQ-17) 1 ədəd 122 millimetrlik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 26 piyada əleyhinə mina (OZM-72) və 140 tank əleyhinə mina (31 ədəd TM-57 minası və 109 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkarlanaraq zərərsizləşdirilib.
İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 milyon 983 min 738 kvadratmetr (298,37 hektar) ərazi tam təmizlənib.
Beləliklə, agentlik tərəfindən yanvarın 25-dən iyulun 3-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları başa çatdırılıb. Nəticədə ilkin mərhələdə 50 yaşayış evi, daha sonra 100 yaşayış evinin tikilməsi nəzərdə tutulan ərazi, avtomobil yolu ərazisi və kənd təsərrüfatı üçün nəzərdə tutulan otlaq və əkin sahələri mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib.