CƏMİYYƏT
Cenevrədə Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Cenevrə, 6 oktyabr, AZƏRTAC
Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb.
Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 67-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin fəal iştirakı yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu xarici siyasət nəticəsində Azərbaycan ilə BMT QAK arasında yüksək səviyyəli əməkdaşlığın daha da inkişaf etdiyi bildirilib.
Firudin Nəbiyev Azərbaycan Prezidenti tərəfindən məcburi köçkünlər üçün yaradılmış şəraitin, yeni salınmış yaşayış komplekslərinin, eyni zamanda, həyata keçirilən digər sosial layihələrin əhəmiyyətini vurğulayıb. Dövlət Miqrasiya Xidmətinin rəisi deyib ki, doğma yerlərini tərk etməli olmuş insanların bütün problemlərini Azərbaycan hökuməti öz üzərinə götürüb. Bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar davamlı tədbirlər həyata kеçirilir. Ötən dövrdə Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlər üçün yüzə yaxın müasir qəsəbə salınıb, minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Son 20 ildə Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib.
Azərbaycan hökumətinin həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə xarici tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olmuş qaçqın və məcburi köçkünlərimizin çətinliklərinin aradan qaldırılması istiqamətində səylərini artırdığını vurğulayan F.Nəbiyev deyib: “Bütün bu səylərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin problemlərinin bir çoxu hələ öz həllini tapmayıb. Əsas səbəblərdən biri də Ermənistanın destruktiv mövqeyi nəticəsində münaqişənin bu vaxtadək həllinin tapılmamasıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların yekunlarından asılı olaraq, münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə BMT, ATƏT və digər qurumların Azərbaycan hökuməti ilə razılaşdırılmış şəkildə əməkdaşlığı vacibdir. Azərbaycan burada iştirak etməyə hazır olduğuna görə BMT QAK-a minnətdardır. Ümidvarıq ki, BMT QAK-ın ümumi əlaqələndirilməsi nəticəsində beynəlxalq qurumların bu çətin işdə fəaliyyəti uğurla nəticələnəcəkdir.”
F.Nəbiyev bildirib ki, Azərbaycan BMT QAK ilə münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verir. Bu günə qədər BMT QAK-ın Azərbaycandakı fəaliyyəti təqdirəlayiqdir və bu BMT-nin üzvü olan digər ölkələr üçün yaxşı nümunə təşkil edir. Sabiq ali komissar Antonio Quterreş 2011-ci ilin mayın 18-19-da Azərbaycana səfər edib. Ali komissar Filippo Qrandi də yaxın zamanlarda ona uyğun olan vaxtda Azərbaycana səfərə dəvət edilib.
DMX rəisi bildirib: “Əhalisi 9,7 milyon olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir. 25 ildən artıqdır ki, Ermənistan dünya ictimaiyyətinin mövqeyinə tam hörmətsizlik nümayiş etdirərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını rədd edərək, hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistan hökuməti dünyada mövcud miqrasiya problemindən sui-istifadə edərək, beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq Suriyada olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Bu, Ermənistan tərəfindən Azərbaycana münasibətdə davam etdirilən etnik təmizləmə siyasətinin və hərbi təcavüzün nəticələrinin möhkəmləndirilməsinə yönəlmiş növbəti addımdır. Ermənilər beynəlxalq tribunalardan pafosla bəyan edirlər ki, onlar 20 min suriyalı qaçqın qəbul ediblər. Maraqlıdır, bunların arasında heç olmasa on nəfər ərəb mənşəli qaçqın varmı?”
Son illər dünyada münaqişə zonalarının coğrafi məkanının genişlənməsi, baş verən hadisələr nəticəsində öz həyatlarını itirən, doğma yurdlarından didərgin düşənlərin sayının sürətlə artması, münaqişələrin qarşısının alınmasında beynəlxalq təşkilatların gücsüzlük nümayiş etdirməsi hamını çox narahat etdiyini qeyd edən Xidmət rəisi vurğulayıb ki, hadisələrin bu cür cərəyan etməsi və getdikcə beynəlxalq birliyin təsir dairəsindən kənara çıxması dünyada qarşısı alınmaz xaotik, katastrofik vəziyyətə, böyük faciələrə səbəb ola bilər. Hesab edirik ki, beynəlxalq birlik ilk növbədə dünyada yeni münaqişə zonalarının yaradılmasına imkan verməməli, həmçinin ədalətli mövqe tutaraq mövcud münaqişələrin həll yollarının tapılmasında, beynəlxalq hüquqa zidd əməllərin qarşısının alınmasında, beynəlxalq məsuliyyətə qeyri-ciddi yanaşan ölkələrə təzyiqlərin artırılmasında qətiyyətlilik göstərməlidir.
Fəaliyyətə başladığı vaxtdan bəri ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olan BMT QAK-ın Azərbaycan nümayəndəliyinin fəaliyyəti də müsbət dəyərləndirilib.
Diqqətə çatdırılıb ki, istər ölkəmizin iqtisadi inkişafı, istər aparılan demokratik islahatlar, istərsə də digər məsələlər Azərbaycanın nüfuzlu ölkə olduğunu göstərir. Həmçinin bu gün respublikamızda insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik prinsiplərinin əsas meyar olduğunu deyib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə