DÜNYA
Cənubi Koreya Kim Çen Inı öldürmək üçün xüsusi təyinatlı qoşun hazırlayır
Bakı, 12 oktyabr, AZƏRTAC
Cənubi Koreya şimal qonşusunun hərbi əməliyyatlara başlayacağı təqdirdə KXDR rəhbərliyini və komanda məntəqələrini məhv etmək üçün xüsusi təyinatlı qoşun hissələri yaratmağa başlayıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, yeni xüsusi təyinatlı qoşunların əsas vəzifəsi KXDR lideri Kim Çen Inı aradan götürmək olacaq. “KXDR-in təxribatlarına qarşı əməliyyatlara” hazırlıq barədə quru qoşunları qərargahının komandanı Çan Çon Qyu məlumat verib. Onun sözlərinə görə, ordu düşmən ərazisinə girib tapşırığı yerinə yetirərək geri dönə bilən xüsusi hərbi hissəyə malik olmaq istəyir.
Xüsusi təyinatlı dəstələr 40 nəfəri daşıya və bir dəfəyə 600 kilometr məsafə qət edə bilən ən yeni MH-47 tipli helikopterlərlə təchiz olunacaq.
KİV-lərin məlumatına əsasən, Cənubi Koreya xüsusi təyinatlı qoşun hissələrini 2018-ci ilədək yaratmağı planlaşdırır.
Cənubi Koreyanın Müdafiə Nazirliyi nüvə təhdidi zamanı hazırladıqları plan barədə də məlumat verib. Plan əsas rayonlarda düşmən obyektlərinə raket zərbələrinin endirilməsini, həmçinin düşmən rəhbərliyinin, o cümlədən Şimali Koreya lideri Kim Çen Inın məhvini ehtiva edir.