CƏMİYYƏT


Cənubi Qafqazda ilk biosfer qoruğu Azərbaycanda yaradılacaq

Bakı, 25 yanvar, AZƏRTAC

Zaqatala-Balakən biosfer rezervatının (qoruğunun) yaradılması üzrə işlər uğurla davam etdirilir. Həmin bölgədə sahəsi 40 min hektardan çox olan qoruq fəaliyyət göstərir. Bu qoruğun bazasında Cənubi Qafqazda ilk biosfer rezervatının yaradılması ilə bağlı hazırlıq işlərinə 2009-cu ildən başlanılıb, həm Almaniya, həm də Azərbaycan mütəxəssislərinin iştirakı ilə qiymətləndirmə aparılıb. 2013-cü ildə isə hər iki dövlətin müvafiq qurumları arasında Niyyət Protokolu, 2016-cı ilin oktyabrında isə Almaniyanın İnkişaf Bankı ilə Xüsusi Razılaşma və Maliyyələşmə Sazişi imzalanıb. Almaniya İnkişaf Bankı tərəfindən bu işlərə 4 milyon avroya qədər vəsait ayrılması nəzərdə tutulub və 2017-ci ildə tədbirlər planı hazırlanır. Zaqatala-Balakən bölgəsində həm ölkə ərazisində, həm də Cənubi Qafqazda ilk biosfer qoruğu yaradılması işləri yaxın 4 il ərzində başa çatdırılacaq.

Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor əvəzi Hikmət Əlizadə AZƏRTAC-a müsahibəsində söyləyib.

“Böyük əraziyə malik rezervat həm ərazinin biosferinin mühafizə olunmasını ehtiva edəcək, həm də həmin bölgənin sosial-iqtisadi inkişafına yol açacaq. Biosfer qoruğunun yaradılması həmin bölgədə istehsal sahələrinin ətraf mühitə zərərli təsirinin aradan qaldırılması, yerli məhsulların ekoloji təmiz əmtəə kimi qiymətləndirilməsi, turizmin inkişafı və əhalinin bundan mənfəət əldə etməsi məqsədi daşıyır”,-deyə H.Əlizadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.