CƏMİYYƏT
Cəzaçəkmə müəssisələrində təbliğat işinin gücləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib
Bakı, 29 dekabr, AZƏRTAC
Cəzaçəkmə müəssisəsində məhkumlar arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair Tədbirlər Planı təsdiq edilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, Tədbirlər Planında narkotiklərin insan orqanizminə məhvedici təsiri barədə təbliğat tədbirlərinin keçirilməsi, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videofilmlərin nümayiş etdirilməsi nəzərdə tutulur.
Plan narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa təhlükəli xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan teatr tamaşalarının nümayişi, o cümlədən təbliğat yönümlü, narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədilə hazırlanmış yaddaş kitabçalarının, xəbərdarlıq vərəqələrinin və bu sahədə digər zəruri maarifləndirici çap məhsullarının məhkumlar arasında paylanılması məsələlərini əhatə edir.