CƏMİYYƏT
“Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” mövzusunda konfrans keçirilib
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” mövzusunda konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda bu qurumun müvafiq idarələrinin, o cümlədən Hərbi Prokurorluğun, Bakı Şəhər Prokurorluğunun və Baş İdarənin əməkdaşları iştirak ediblər.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya və cinayət yolu ilə əldə olunan pul vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə istiqamətində həyata keçirilən işlərə dair ətraflı məlumat verib. O, bu sahədə ölkə daxilində, eyni zamanda, beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin Hüquq və metodologiya şöbəsinin rəisi Nurlan Babayev “Pulların leqallaşdırılması cinayətinin cinayət-hüquqi xarakteristikası”, həmin şöbənin əməkdaşı Azər Abbasov “Pulların leqallaşdırılması və korrupsiya cinayətlərinin oxşar və fərqli cəhətləri”, “Pulların leqallaşdırılması cinayəti üçün əsaslar və tipologiyalar” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.