REGİONLAR
“Coders Azerbaijan” veb-proqramlaşdırmanı tədris edir
Xırdalan, 17 aprel, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkında fəaliyyət göstərən startaplardan biri - “Coders Azerbaijan” veb-proqramlaşdırma sahəsi üzrə təhsil fəaliyyəti göstərir.
Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin “Dünya İqtisadiyyatı” ixtisası üzrə 3-cü kurs tələbələri Seymur Həmidov və Pərviz Əsədzadə, İKT sektorunda mövcud vəziyyəti araşdırarkən belə nəticəyə gəliblər ki, hazırda bu sektorda veb-proqramlaşdırma mütəxəssislərinə ciddi şəkildə ehtiyac var. Əldə etdikləri nəticəyə əmin olduqdan sonra, onlar "Coders Azerbaijan" startap layihəsini qurmağa qərar veriblər. Hazırda layihənin inkişafı BMU Texnopark tərəfindən dəstəklənir və uğurla davam etdirilir.
BMU-nun mətbuat xidmətindən AZƏRTAC -a bildirilib ki, “Coders Azerbaijan” layihəsinin əsas məqsədi veb-proqramlaşdırma sahəsinə maraq göstərənlər ilə eyni sahədə məşğul olan gənc və peşəkar mütəxəssislərin əməkdaşlığını inkişaf etdirməkdir. Layihənin hazırda təqdim etdiyi tədris proqramının müddəti 5 aydır və proqram intensiv şəkildə tədris edilir.
“Coders Azerbaijan”nın tələbələri proqramın ilk 13 həftəsində (cəmi 200 saat olmaqla) dərs alır, qalan 7 həftə ərzində isə praktika müddəti kimi dəyərləndirilir. Proqramın iştirakçıları, tədris müddəti ərzində, real layihələr üzərində işləməklə beynəlxalq sertifikat imtahanına hazırlaşırlar. Bununla belə, tələbələr sosial fəaliyyətlərdə iştirak edir, komanda ilə işləməyin metodlarını öyrənir, təlim və seminarlarda iştirak edərək özlərini mütəxəssis kimi inkişaf etdirirlər.