SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının daxili işlər naziri, general-leytenant Ramil Usubov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Qotsyanı qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan nazir müstəqilliyin qazanılmasından sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda üzləşdiyimiz çətinliklərdən söhbət açmış və qeyd etmişdir ki, müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirmiş təsadüfi, bacarıqsız şəxslərin səriştəsiz idarəçiliyi nəticəsində hərc-mərclik, özbaşınalıq hökm sürmüş, hakimiyyət uğrunda mübarizə aparan müxtəlif partiyalara və ayrı-ayrı ambisiyalı, kriminal keçmişə malik adamlara məxsus silahlı dəstələr dövlət orqanlarının fəaliyyətini iflic etmiş, vətəndaşların konstitusion hüquqları kütləvi şəkildə pozulmuş, cinayətkarlıq, qanunsuzluq görünməmiş miqyasda vüsət almışdır. İdarəolunmaz, qeyri-sabit durumdan yararlanan Ermənistan isə hərbi təcavüzünü genişləndirərək Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal etmiş, bunun nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdür. Ərazi bütövlüyümüzün və dövlətçiliyimizin varlığı sual altında olduğu, cəmiyyət vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bu anlarda böyük dövlətçilik təcrübəsinə malik olan cənab Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmasından sonra müdrik dövlət başçımızın həyata keçirdiyi qətiyyətli tədbirlər və uğurlu daxili və xarici siyasət nəticəsində sabitlik yaradılmış, onun dönməzliyi təmin olunmuş, bir neçə dövlət çevrilişi cəhdinin qarşısı alınmış, minlərlə qanunsuz silahlı dəstələr, təhlükəli cinayətkarlar zərərsizləşdirilmiş, qanunsuz saxlanılan 20 mindən artıq silah-sursat götürülmüş, son nəticədə kriminogen durum nəzarət altına alınmışdır. Bunun nəticəsidir ki, Azərbaycan MDB məkanına daxil olan ölkələr sırasında son illər mütəmadi olaraq hər 100 min nəfərə düşən cinayətlərin sayına görə axırıncı yerlərdən birini tutur.
Nazir Ramil Usubov son illər cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, hüquq-mühafizə orqanlarında da islahatların uğurla həyata keçirildiyini vurğulamışdır.
Səfir səmimi qəbula və əhatəli məlumata görə təşəkkürünü bildirmiş, Çin Xalq Respublikası ictimai təhlükəsizlik nazirinin dəvət məktubunu və hər iki ölkənin nazirlikləri arasında əməkdaşlığa dair sazişin layihəsini ona təqdim etmişdir. O, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində Azərbaycanda həyata keçirilən tədbirləri təqdir etmiş, respublikamızda hökm sürən sabitlikdən, diplomatik korpus nümayəndələrinin xarici investorların və digər əcnəbi vətəndaşların fəaliyyəti üçün yaradılmış normal şəraitdən razı qaldığını, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə çalışacağını bildirmişdir.