İDMAN
Daniil Kvyat: Bakıda bir neçə xal qazanmaq ümidindəyəm
Bakı, 20 iyun, AZƏRTAC
Rusiyalı avtoyürüşçü, “GP3” (2013) seriyasının çempionu, “Toro Rosso”nun pilotu Daniil Kvyat Azərbaycan Qran-Prisi ərəfəsində qarşıdakı yürüşün trasına münasibət bildirib. Pilotun sözlərinə görə, o, xal toplamaq niyyətindədir.
D.Kvyat deyib: “Bakı trası unikaldır. Onun konfiqurasiyası güclü təsir oyadır. Çox uzun düz yol var, sonra ensiz sektor gəlir. Burada az qala divarlarla öpüşürsən. Həmin sektordan yalnız bir maşın keçə bilər. Buna görə də yürüş bir növ meydan oxuyur. Orada da Monako və Montsa traslarına bənzəyən sahə var.
Ötən il təsnifatdan yaxşı keçdik - mən yeddinci oldum. Hətta startda altıncı idim. Təəssüf ki, yürüşü başa çatdırmaq müəssər olmadı. Ümidvaram ki, bu dəfə hər şey yaxşı olacaq. Vacib məqsədimiz hələ xal toplamadığımız bir trasda xal toplamaqdır. Bunu ilk dəfə etmək həmişə xoşdur. Ümidvaram ki, buna nail olacağıq”.
Daniil Kvyat “Formula-1” yarışlarında 2014-cü ildən, “Toro Rosso” komandasının heyətində 2016-cı il mövsümünün 5-ci mərhələsindən çıxış edir. O, “Toro Rosso”dan “Red Bull”un heyətində olub.
Xatırladaq ki, D.Kvyat pilotların şəxsi hesabında dörd xalla 15-ci yerdədir.