CƏMİYYƏT
Danimarkalı alim: Dağlıq Qarabağın gözəl yerlərini bir gün gəzmək arzusundayam VİDEO
Bakı, 2 dekabr, A.Həsənova, E.Şahbalayev, AZƏRTAC
Dağlıq Qarabağın gözəl yerlərini bir gün gəzmək arzusundayam. Ümid edirəm ki, Azərbaycana növbəti səfərimdə o torpaqlarınızı da gəzəcəyəm.
Bu sözləri AZƏRTAC-ın Danimarkaya ezam edilmiş əməkdaşlarına müsahibəsində Kopenhagenin Glostrup hospitalının professoru xanım Rigmor Jensen deyib.
Beynəlxalq Nevrologiya Konfransında iştirak etmək üçün Bakıya səfər etdiyini deyən professor Azərbaycan tibbində çox istedadlı, elmli gənclərin olduğunu bildirdi: “Biz Bakıda nevrologiya üzrə beynəlxalq tədbirdə çox maraqlı müzakirələr apardıq. Gənc azərbaycanlı həkimlər məndə xoş təəssüratlar oyatdı. Azərbaycan tibbi gələcəkdə daha da inkişaf edəcək. Bunun üçün çox savadlı kadrlar yetişir”.
Xanım R.Jensen səfər zamanı Azərbaycanın paytaxtının ona olduqca xoş təsir bağışladığını dedi. Uca binaları, gözəl infrastrukturu ilə göz oxşayan Bakının “Alov qüllələri”nin şəhərə başqa bir yaraşıq verdiyini qeyd edən alim Azərbaycanın bölgələrini də gəzdiyini diqqətə çatdırdı. Şəkidə, Qubanın Xınalıq kəndində qədim tarixi və mədəni abidələri, əfsanəvi və dini məbədləri ziyarət etdiyini bildirdi. O, hətta qədim Xınalıqda çəkdiyi və çox sevdiyi fotonun Glostrup hospitalındakı iş otağının divarını bəzədiyini söylədi.
Səfər zamanı bir Azərbaycan toyunda da iştirak etdiyini bildirən R.Jensen milli adət-ənənələrimizi çox bəyəndiyini dedi: “Azərbaycan toyundakı müsbət əhval-ruhiyyə, milli rəqslər məni heyran etdi. Bu, həyatımda gördüyüm ən gözəl toy idi. Sizin çox gözəl adət-ənənələriniz var. Milli yeməklərinizin şahı sayılan plovun məclisə ənənəvi gəlişi məndə çox qəribə bir hiss oyatdı. Belə bir adəti dünyanın heç yerində görməmişəm”.
Danimarkalı professor Azərbaycanın reallıqlarından da xəbərdar olduğunu diqqətə çatdırdı. Azərbaycanlı həmkarları vasitəsilə Dağlıq Qarabağ problemi barədə həqiqətləri öyrəndiyini deyən R.Jensen işğal altında olan torpaqlarımızın tezliklə geri qaytarılacağına və bu problemin həll ediləcəyinə ümidvar olduğunu dedi.