CƏMİYYƏT
“Davamlı inkişaf, sağlam nəsil, parlaq gələcək” şüarı altında silsilə tədbirlərin keçirilməsinə başlanılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Nərimanov rayonunda “Davamlı inkişaf, sağlam nəsil, parlaq gələcək” şüarı altında silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Tədbirlərin keçirilməsində məqsəd rayon sakinlərinin gündəlik həyatlarında rastlaşdıqları problemlərin müəyyənləşdirilməsi, onların hüquqlarının qorunması və zorakılıq, insan alveri hallarının aşkarlanması, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, insan münasibətlərin istiqamətləndirilməsi, gənc ailələrin qorunması, yeniyetmələr tərəfindən yaşlı nəsilə diqqətin artırılması, siyasi məsələlərə münasibətlərin dinlənilməsi, asudə vaxtlarının səmərəli təşkili, mədəni – kütləvi tədbirlərin keçirilməsinə köməklik göstərilməsi, kompüter və telefonlardan məqsədyönlü istifadəsi və digər onları maraqlandıran məsələlərlə bağlı açıq söhbətlərin aparılmasıdır.
Bununla əlaqədar işçi qrupu yaradılıb.
Noyabrın 25-də “Davamlı inkişaf, sağlam nəsil, parlaq gələcək” mövzusunda 82 nömrəli tam orta məktəbdə müəllim, şagird, valideynlərlə görüş keçirilib.
Əvvəlcə qonaqlar və iştirakçılar məktəbin foyesində mövzu ilə əlaqədar təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.
Tədbirdə şagird-müəllim, müəllim-valideyn, valideyn övlad münasibətlərindən, uşaqların asudə vaxtlarının səmərəlin təşkili üçün müxtəlif səpkidə tədbirlərin keçirilməsinin vacibliyindən, onların kitabxanalara cəlb olunması üçün görülən zəruri tədbirlərdən danışılıb, mövzu ətrafında müzakirələr aparılıb.