CƏMİYYƏT
Daxili İşlər Nazirliyinin məlumatı
Bakı, 12 yanvar, AZƏRTAC
Cari il yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq, ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat verilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər.
Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyənləşdirilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub.
Yanvarın 10-da Ə.Təhməzov və M.Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və onlar toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə Ə.Təhməzov on gün müddətinə inzibati qaydada həbs olunub. M.Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.
Lakin M.Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirib.
M.Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün DİN tərəfindən Baş Prokurorluq qarşısında vəsatət qaldırılıb.
Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.