CƏMİYYƏT
“Dənizdə qəza-xilasetmə və dağılmış neftin ləğvi əməliyyatları” mövzusunda konfrans keçirilib VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyi münasibətilə oktyabrın 26-da “Dənizdə qəza-xilasetmə və dağılmış neftin ləğvi əməliyyatları” mövzusunda konfrans keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin təşkilatçılığı ilə nazirliyin Akademiyasında təşkil olunan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “bp-Azərbaycan” şirkətinin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin FHN Akademiyasının həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə açan FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Piri Quluzadə müzakirə olunan mövzuların əhəmiyyətindən bəhs edib. O, dənizdə qəza-xilasetmə və dağılmış neftin ləğvi üzrə ötən illər ərzində görülmüş işlər və bu sahədə nazirliyin digər aidiyyəti qurumlarla sıx əməkdaşlığından danışıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mirsalam Qəmbərov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin departament rəisi Ələkbər Əzizli, SOCAR-ın Ekologiya İdarəsinin şöbə rəisi Elnur Əlizadə, Dövlət Dəniz Administrasiyasının əməkdaşı Nadir Dadaşov, “bp-Azərbaycan” şirkətinin nümayəndəsi Osman Tarzumanov və digərləri neft dağılmaları sahəsində beynəlxalq təcrübənin tətbiqi, dəniz üzgüçülüyünün, dənizdə neft yükləmə-boşaltma əməliyyatlarının təhlükəsizliyi və digər mövzularda məruzələrlə çıxış ediblər.
Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb.