CƏMİYYƏT
Dənizin çirklənməsinə qarşı UNEP-in himayəsi ilə Ümumdünya mübarizə kampaniyası elan edilib
Bakı, 25 fevral, AZƏRTAC
Əgər bəşəriyyət birdəfəlik butulkalardan, paketlərdən və stəkanlardan, habelə tərkibində plastik mikrohissəciklər olan kosmetikadan imtina etməsə, 2050-ci il üçün dünya okeanında balıqdan çox plastik kütlə olacaq.
AZƏRTAC BMT Xəbərlər Mərkəzində istinadla xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekspertləri xəbərdarlıq edirlər. Dənizin çirklənməsinə qarşı UNEP-in himayəsi ilə Ümumdünya mübarizə kampaniyasına start verilib. Bir çox məşhurlar və dünya şöhrətli brend istehsalçıları, o cümlədən müğənni Cek Conson və supermodel Nadya Hutagalung artıq bu kampaniyaya qoşulublar. Onlar beynəlxalq birliyi plastik kütləyə müharibə elan etməyə çağırıblar.
Ekspertlər hesab edirlər ki, tullantıların və zibilin dənizə atılması nəticəsində onun çirklənməsi dünyanın bütün regionlarında istər sahil, istərsə də sahilyanı zolağın pis vəziyyətə düşməsinin əsas səbəbidir. Özü də dünya okeanında bütün zibilin 80 faizə qədəri davamlı zəhərli maddələrin toplanması mənbəyidir.
UNEP-in məlumatına görə, hər il dünya okeanına 8 milyon tondan çox plastik tullantı atılır.
Təmiz dəniz uğrunda Ümumdünya kampaniyası dünya okeanı məsələlərinə dair Ümumdünya sammitində start götürüb. Bu kampaniya hökumətlərin plastik kütlədən və qablaşdırmadan istifadənin azaldılması siyasəti yürütmələrinə, sənaye məhsuluna tələbləri dəyişdirmələrinə yönəlib. Təkliflərdən biri sellofan paketlərdən istifadəni qadağan etməyi və plastik qablaşdırmada olan mallara yüksək vergilərin tətbiq olunmasını nəzərdə tutur. Ekspertlər xəbərdarlıq edirlər ki, belə tədbirlər görülmədən dənizlərin çirklənməsinin qarşısını almaq mümkün olmayacaq.
Dünya şöhrətli brendlər, o cümlədən “Dell” kompüterlərini istehsal edən şirkət dənizin çirklənməsinə qarşı mübarizəyə qoşulublar. Kompüter nəhəngi okeanlardan toplanmış zibili emal etməyi və ondan öz məhsulunu qablaşdırmaq üçün istifadə etməyi planlaşdırır.
UNEP-dən bildiriblər ki, ötən əsrin 60-cı illəri ilə müqayisədə hazırda 20 dəfə çox plastik kütlə istehsal edilir. Bu plastik kütlənin təqribən üçdəbir hissəsindən qablaşdırma materialı kimi istifadə olunur. 2050-ci il üçün plastik kütlə istehsalı 3-4 dəfə arta bilər.
Kampaniyanın başlıca tədbirləri iyunun 5-9-da Nyu-Yorkda, BMT iqamətgahında okeanların məsələlərinə həsr olunmuş konfransda, habelə dekabr ayında Keniyanın paytaxtı Nayrobidə ətraf mühit məsələlərinə dair BMT Assambleyasında elan ediləcək.