REGİONLAR
“Dəyirmi masa”da yerli sahibkarların təhsilə dəstək imkanları müzakirə edilib
Masallı, 11 iyul, Bağır Əliyev, AZƏRTAC
“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Təhsil və sahibkar valideynlər” layihəsi çərçivəsində iyulun 11-də Masallıda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yerli sahibkarların təhsilə dəstək imkanları müzakirə edilib.
Layihənin məqsədi yararlı, sağlam, yaradıcı təhsil mühitinin formalaşdırılması üçün valideyn sahibkarları məktəbə cəlb etmək, özəl sektorun imkanlarını müzakirə etməklə sahibkarlarda bu istiqamətdə korporativ maraq hissini gücləndirmək, valideyn və şagirdləri maarifləndirmək, təhsilə özəl dəstək verməkdir.
İctimai Birliyin icraçı direktoru Şahin Rəcəbov layihənin məqsəd və vəzifələri barədə danışıb.
“Dəyirmi masa”da çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşı Afəddin Kərimov, Boradigah qəsəbə 1 nömrəli tam orta məktəbinin direktoru Azər Mirzəyev, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin direktoru əvəzi Mənijə Yəhyayeva, rayon təhsil şöbəsinin metodkabinetinin müdiri Bəybala Xəlilov və başqaları mövzu ilə bağlı təkliflərini bildiriblər.