MƏDƏNİYYƏT
Dil millətin varlığıdır
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasında “Dil millətin varlığıdır” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə əvvəlcə dövlət himnimiz səsləndirilib.
Tədbirdə bu günün tarixindən, əhəmiyyətindən danışılıb.
Bildirilib ki, ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlərboyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ona görə də ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Sonra məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edib, dil haqqında şeirlər, maraqlı musiqi nömrələri səsləndiriblər.