CƏMİYYƏT
Dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər Salyanda müzakirə edilib
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Salyan şəhəri Heydər Əliyev Mərkəzində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib.
Bu barədə AZƏRTAC-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
Dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan seminar-müşavirədə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Baş Prokurorluğun nümayəndəsi Novruz Hacıyev, Daxili İşlər Nazirliyinin təmsilçisi Oktay Tağıyev, hüquq-mühafizə orqanlarının və DQİDK-nın yerli strukturunun əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-müşavirə DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov məruzə ilə çıxış edərək dünyada gedən proseslərin, dini zəmində baş verən ixtilafların, radikalizm və ekstremizmin, islamofobiya meyillərinin müsəlman ölkələrinə dağıdıcı təsirləri barədə danışıb, bu cür mənfi halların qarşısının alınması üçün keçirilən regional seminar-müşavirənin əhəmiyyətini vurğulayıb. S.Hətəmov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modelinin formalaşdığını və bu modelin dünya üçün bir nümunə olduğunu diqqətə çatdırıb.
Dini ekstremizmin yaranma səbəbləri barədə məlumat verən DQİDK-nın sədr müavini Səyavuş Heydərov qeyd edib ki, heç bir din insanları qarşıdurmaya, müharibəyə, münaqişəyə cəlb etmir. Əksinə, bütün dinlər insanları sülhə, həmrəyliyə, birgəyaşayışa çağırır. Vurğulanıb ki, bu gün dünyada geosiyasi maraqlar təhlükəli həddə çatıb. Bəşəriyyət böyük təhlükə ilə üzləşib. Bunu Yaxın Şərqdə baş verən hadisələr bir daha sübut edir. Bu vəziyyəti yaradan qüvvələr başa düşürlər ki, xaos yaratmaqla dünyada hökmranlığa sahib ola bilməyəcəklər.
S.Heydərov bildirib ki, dünyada din amilindən siyasi vasitə kimi istifadə olunur. Belə bir zamanda vətəndaşlara əsl həqiqəti çatdırmaq üçün bütün imkanlar səfərbər edilməli, qabaqlayıcı tədbirlər görülməli, geniş maarifləndirmə işləri aparılmalıdır.
Baş Prokurorluğun nümayəndəsi Novruz Hacıyev və Daxili İşlər Nazirliyinin təmsilçisi Oktay Tağıyev çıxışlarında məzhəb qarşıdurması, dini ayrı-seçkilik, radikal dini cərəyanlara qarşı aparılan profilaktik və inzibati tədbirlərdən danışaraq, son dövrlərdə bu sahə üzrə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat veriblər.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov İslam dininin xurafatdan uzaq şəkildə təbliğ olunmasında maarifləndirmənin vacibliyini vurğulayıb, son dövrlərdə bölgədə dini sabitliyin mövcud olduğunu diqqətə çatdırıb.