SİYASƏT
Donald Tusk: “Şərq Tərəfdaşlığı” təkcə qitənin şərqində deyil, həm də mərkəzi hissəsində prioritetimizdir
Riqa, 22 may, AZƏRTAC
Avropa İttifaqı hətta müharibəyə baxmayaraq, “Şərq Tərəfdaşlığı” ölkələrini əvvəlki kimi dəstəkləmək əzmindədir. Bu sözləri mayın 22-də jurnalistlərə Riqada Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib. O vurğulayıb ki, sammitə üç sadə və aydın müraciətlə gəlib.
Aİ Şurasının prezidenti deyib: “Əvvələn, Aİ son ildə Şərqdəki tərəfdaşlarını hətta müharibəyə baxmayaraq əvvəlki kimi dəstəkləmək əzmindədir. Bu fikri Aİ-nin 28 ölkəsinin “Şərq Tərəfdaşlığı” ölkələrinin sammitdə iştirak etməsi də təsdiq edir. Mən tamamilə əminəm ki, “Şərq Tərəfdaşlığı” bizim təkcə qitənin şərqində deyil, həm də mərkəzi hissəsində prioritetimizdir.
İkincisi, Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin hamısı ilə münasibətlərini möhkəmlətmək istəyir. Bu isə o deməkdir ki, biz öz fəaliyyətimizi bu ölkələrin tələblərinə və suveren seçiminə uyğunlaşdırırıq. Biz istəyirik ki, onlar öz cəmiyyətlərinin transformasiyası xeyrinə seçim etsinlər və bu da bütün vətəndaşlar üçün faydalı olsun.
Üçüncüsü, Aİ uzunmüddətli perspektiv üçün etibarlı tərəfdaşdır. Yaxşı bilirəm ki, hamımız dəyişikliklər istəyirik. Amma biz strateji səbir də nümayiş etdirməliyik. Riqa sammiti iri addımlarla irəliləməyin tərəfdarı deyil. Bizim tərəfdaşlığımız eynən Aİ-nin yaradılması kimi addımbaaddım irəliləməkdir. Bu, həm bizim, həm də bütün Avropanın rifahına cavab verir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa