CƏMİYYƏT


Dövlət Əmək Müfəttişliyi Xidməti əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair tədbir keçirib

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Uşaq hüquqları aylığı” çərçivəsində Bakı şəhərinin Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbdə şagirdlərin iştirakı ilə əmək münasibətləri sahəsində uşaq hüquqlarına həsr olunmuş tədbir keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın qəbul edilməsinin (1989-cu il 20 noyabr) ildönümü ilə əlaqədar Ombudsmanın təşəbbüsü əsasında ölkədə oktyabrın 20-dən noyabrın 20-dək keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil olunan tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak edib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar əksini tapıb. Onların icrası yönündə məqsədyönlü işlər aparılmaqla, müvafiq mövzuda maarifləndirmə tədbirləri də həyata keçirilir. Bu tədbir də uşaqların əmək münasibətləri sahəsində öz hüquqları ilə bağlı maarifləndirilməsinə xidmət edir.

Bildirilib ki, ötən dövrdə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, digər müvafiq beynəlxalq sənədlərə qoşulan Azərbaycanda uşaqlarla bağlı mütərəqqi dünya təcrübəsinə uyğun normativ-hüquqi aktlar qəbul olunub. Həmçinin ölkəmiz Beynəlxalq Əmək Təşkilatının “Minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formaları haqqında” Konvensiya və Tövsiyələrini ratifikasiya edib. Hazırda Azərbaycan uşaq əməyi ilə bağlı mütərəqqi və humanist yanaşmaları əks etdirən mükəmməl qanunvericilik bazasına malikdir.

Uşaq əməyindən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması yönündə Xidmətin aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində gördüyü işlərdən söz açılıb. Bu işlərin müsbət nəticəsi kimi, uşaq əməyi ilə bağlı hüquqa zidd halların sayının minimuma endiyi qeyd olunub.

Tədbirdə uşaq hüquqları ilə bağlı uşaqlar arasında hüquqi maarfiləndirmənin, eləcə də əmək qanunvericiliyində uşaq əməyi ilə bağlı əksini tapan prinsiplər barədə uşaqlara məlumatlar verilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın əmək qanunvericiliyində uşaq əməyindən istifadə ilə bağlı təsbit olunmuş normalar, yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin hüquqi prinsipləri, onlar üçün nəzərdə tutulan təminatlar və s. barədə uşaqlara məlumatlar verilib. Tədbir uşaqların müvafiq mövzuda suallarının cavablandırılması ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.