ELM VƏ TƏHSİL
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası imtahan sessiyasında yeniliyə imza atıb
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) yaz imtahan sessiyasına başlanılıb. Bu il ilk dəfə imtahanlar mərkəzi serverləri Almaniyada yerləşən “Online University” proqramı vasitəsilə elektron formada keçirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 7-dək davam edəcək imtahanlarda tələbələr məxsusi login və parollardan istifadə edib şəxsi tələbə səhifəsinə daxil olur, səhifədə fəal olan imtahan hissəsinə keçid etməklə sualları cavablandırırlar. İmtahanlar kompyuterlə təchiz olunmuş xüsusi otaqlarda 45 dəqiqə ərzində aparılır. Təxminən 90-dək tələbənin iştirak etdiyi imtahanlara üç nəfər nəzarət edir.
İmtahanların texniki məsələləri ilə məşğul olan, ADBTİA-nın informasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Şaiq Məmmədli tələbələrin yeni sistemə asanlıqla adaptasiya olduqlarını bildirib.
Təhsildə müasir texnologiyanın tətbiqini qarşısına hədəf qoyan ADBTİA bu istiqamətdə layihələrini davam etdirir. Elektron imtahan sistemi ilə yanaşı, akademiya rabitədən kitabxanayadək hər bir sahədə yeni texnologiyaların tətbiqini planlaşdırır.